Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

Azərbaycanın Birinci-vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı əhaliyə müraciət edib.

NURMEDİA.İNFO.AZ  həmin müraciəti təqdim edir:

“Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb.

İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür.

Müəllif öz məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir… Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.

“COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.

Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.

Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur.

İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacayıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.

Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.

Əziz həmvətənlər!

Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır.

Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.

Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.

Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.

Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.

Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar!

Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.

Hər birinizə dualar və sevgi ilə,

Sizin MEHRİBAN”.

239 Baxış
11480cookie-checkMehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ronaldonun koronavirusdan "gizləndiyi" adada ZƏLZƏLƏ OLDU

Ç Mar 18 , 2020
İtaliyanın “Yuventus” komandasının məşhur hücumçusu Kriştiano Ronaldo dünyanı çənginə alan koronavirusdan canını qurtarmaq üçün İtaliyanı tərk edib Madeyra adasında sığınarkən təbii fəlakətlə üzləşib. NurMedia BiG.AZ-a istinadən verdiyi xəbərə görə, ulduz futbolçunun anası Doloresin insult keçirməsindən sonra ailəsi ilə qaldığı İlha De Fuzeta adasında zəlzələ baş verib. Ötən həftə də 5,2 […]